Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi (ODTKM) tərəfindən mütəmadi olaraq müxtəlif təhsil müəssisələrində orqan donorluğuna dair maarifləndirici tədbirlər təşkil olunur. Bu tədbirlər çərçivəsində növbəti görüş Azərbaycan Turizm və Menecment Universitetində keçirilib.
Maarifləndirici görüşdə universitetin müxtəlif fakültələrindən olan II və III kurs tələbələri iştirak ediblər.
Tədbirdə çıxış edən Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin idarə heyətinin sədri Yeganə Abbasova orqan donorluğunun cəmiyyət üçün əhəmiyyətindən bəhs edərək bildirib ki, orqan donorluğu təmənnasız fədakarlıq, humanist dəyərlərin təcəssümü və insan həyatına verilən ən ali qiymətdir.
Mərkəz sədri bildirib ki, beyin ölümünün bioloji ölüm kimi qəbul olunması 2018-ci ildən etibarən ölkəmizdə qanunvericiliklə təsdiqlənib.
Yeganə Abbasova beyin funksiyalarının dayanması ilə bağlı elmi məlumatları iştirakçıların diqqətinə çatdıraraq əlavə edib:
“Beyin ölümü insanın tənəffüs mərkəzi olan uzunsov beynin fəaliyyətinin dayanmasıdır. Tənəffüs sanki insanın ruhudur. Tənəffüs yoxdursa, bu, ölümdür. Bəs necə olur ki, tənəffüs olmadan ürək hələ də işləyir? Çünki həmin şəxs süni tənəffüs aparatına qoşulub və orqanizmi süni şəkildə oksigenlə təmin olunur.”
Yeganə Abbasova çıxışında orqan donorluğu ilə bağlı dünyada mövcud olan iki əsas sistemi də izah edib:
“Opt-out sistemində meyit üzərində dövlət mülkiyyət hüququ əldə edir və şəxsin ölümündən sonra orqanları heç bir icazə alınmadan götürülə bilər. Azərbaycan isə opt-in sisteminə daxildir. Əgər şəxs sağlığında donor olmaq barədə razılığını rəsmi şəkildə bəyan edibsə, beyin ölümü diaqnozundan sonra yaxınlarına məlumat verilsə də, əlavə icazə tələb olunmur. Lakin əgər şəxs sağlığında razılıq sənədi imzalamayıbsa, bu halda onun yaxınlarından razılıq alınmalıdır.”
Mərkəz sədri qeyd edib ki, odtkm.gov.az rəsmi internet saytı vasitəsilə donor kimi qeydiyyatdan keçən istənilən şəxs istədiyi zaman qərarından imtina edə bilər. Bu proses tamamilə könüllü əsaslarla həyata keçirilir.
Tədbirdə çıxış edən həkim-koordinator Mehriban Əliyeva Azərbaycanda və digər ölkələrdə transplantasiya sahəsində mövcud təcrübələri müqayisəli şəkildə təqdim edib. O bildirib ki, xarici ölkələrdə əsasən meyit donor irqanlarından istifadə olunduğu halda, Azərbaycanda orqan təminatı əsasən canlı donorlar hesabına həyata keçirilir. Bu fərq isə meyit donorluğu ilə bağlı cəmiyyətin məlumatlılıq səviyyəsinin yetərincə olmadığını və maarifləndirmə işlərinin davam etdirilməsi zərurəti ilə izah olunur.
Mehriban Əliyeva çıxışında real həyat hekayələrinə toxunaraq orqanlarını bağışlayan insanların fədakarlığını xüsusi vurğulayıb:
“Hər gün minlərlə insan donor orqanı gözləyir. Sevindirici haldır ki, donorluqla maraqlanan və müraciət edən şəxslərin əksəriyyəti gənclərdir.”
O əlavə edib:
“Ölüm həyatın qaçılmaz sonudur. Amma əgər bir insanın həyatını xilas etmək mümkündürsə, bu fürsətdən istifadə olunmalıdır. Hər kəs orqan donoruna çevrilə bilər. Gəlin, bu mövqe ilə bağlı münasibətimizi bildirək.”
Görüş zamanı həmçinin vahid informasiya sisteminin fəaliyyət prinsipi izah edilib. Bildirilib ki, bu sistem vasitəsilə orqan gözləyən şəxslərin elektron siyahısı idarə olunur və uyğun donor tapıldıqda, sistem orqanın uyğun şəxslə uyğunlaşdırılaraq özü resipiyentləri təyin edir. Burada insan faktoru rol oynamır.
Maarifləndirici tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tələbələr orqan donorluğu ilə bağlı çoxsaylı suallar ünvanlayıblar. Tədbirin sonunda orqan donorluğuna dəstək olmaq istəyən tələbələr donor olmaq haqqında razılıq ərizələrini imzalayıblar.
Sonda iştirakçılara orqan donorluğu loqosu əks olunmuş mayka və kepkalar təqdim olunub.